İmam Huseyn əleyhissəlama edilən zülmlərə ağlamaq
- Tarixində 19 December 2025
- Saat 16:55
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Kərbəla hadisəsinə bərabər bir hadisə nə keçmişdə olmuşdur, nə də gələcəkdə baş verəcəkdir. Aşura məktəbinin dərsləri Qiyamətə qədər insanlara ibrət olacaqdır. Bu qiyamın qarşısında müsəlman və kafir, müvəhhid və müşrik, dost və düşmən təzim edir, göz yaşları tökürlərAşura qiyamında olan bir sıra xüsusiyyətlər Aşuranı digər hadisələrdən fərqləndirir. O cümlədən, imam Huseyn qiyamında xalis niyyət, İlahi məqsəd, mənəvi əzəmət, ailə şərafəti, vəfadarlıq, fədakarlıq, paklıq, zillətlə yaşamağı qəbul etməmək və zalımın qarşısında susmamaq çox aydın görünür. Ona görə də çəkinmədən deyirik ki, Kərbəla hadisəsinə bərabər bir hadisə nə keçmişdə olmuşdur, nə də gələcəkdə baş verəcəkdir. Aşura məktəbinin dərsləri Qiyamətə qədər insanlara ibrət olacaqdır. Bu qiyamın qarşısında müsəlman və kafir, müvəhhid və müşrik, dost və düşmən təzim edir. Odur ki, imam Huseyn əleyhissəlam hidayət çırağına çevrilmişdir.
Mərhum Şəhriyar çox yaxşı deyib:
Hüseynə yerlər ağlar, göylər ağlar, Bətuli-Mürtəza Peyğəmbər ağlar.
Hüseynin nohəsin dilriş yazanda, Müsəlman səhlidir ki, kafər ağlar.
Dedik ki, imam Huseyn əleyhissəlamın ailə şərafəti Aşura qiyamının əbədi yaşaması amillərindən biridir. Kərbəla şəhidlərinin bir neçə üzvü Peyğəmbər övladıdır. Bilirsiz ki, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəsli Xanım Zəhra əleyhasəlamın övladları vasitəsilə olmuşdur. Ali-İmran surəsinin 61-ci ayəsində bu məsələ öz təsdiqini tapır. Buyurur:
“Sənə göndərilən elmdən sonra (həzrət İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq!”[1]
[1] Ali-İmran surəsi, ayə 61